Menu
X

Süd vəzinin fibroması

Süd vəzinin fibroması barədə məlumat

Son illərdə süd vəzinin xoşxassəli şişləri geniş yayılmışdır. Onlar arasında düyünlü fibroadenomatoz və fibroadenoma daha çox qeydə alınır.

Süd vəzinin fibromasının səbəbləri və təsnifatı

Şişin formalaşma mexanizmi hələlik tibb elminə məlum olmasa da, onun yaranma səbəbləri aşkara çıxarılmışdır. Süd vəzinin fibroması həmişə hormonal statusun kəskin dəyişməsi fonunda (yeniyetməlik və klimaks dövründə) yaranır. Mammoloqlar adi fibroadenoma ilə tez-tez qarşılaşırlar. Morfoloji quruluşuna görə bu törəmə perikanakulyar, intrakanakulyar və qarışıq olur. Belə fibroma bədxassələşməyə meylli olmur. Fibroadenomanın ən az rast gəlinən növü – filloid (yarpağabənzər) formadır. Bu şişlər sürətlə böyüyərək, sarkomaya keçir.

Süd vəzinin fibromasının əlamətləri

Vəzi toxumasını palpasiya etdikdə (əllə müayinə) fibroadenoma sərt konsistensiyalı, hamar səthli, girdə formalı, hərəkətli, ağrısız törəmə kimi qiymətləndirilir. Kiçik ölçülü fibroadenoma subyektiv olaraq, heç bir diskomfort törətmir. Diffuz fibroadenomatoz (diffuz mastopatiya) fibroz toxumanın bütün vəzi boyunca böyüməsi ilə xarakterizə olunduğu halda, fibroadenoma lokal xoşxassəli şiş sayılır.

Fibroadenoma düyünlü mastopatiyanın klinik təzahürüdür. Mastopatiyanın bu formasının yaranma və inkişafı hormonal balansın pozulması ilə əlaqəlidir. Fibroadenoma dəri ilə birləşməyən hərəkətli, girdə formalı törəmədir. Düyünün ölçüsü 1 neçə millimetrdən 5-7 sm-ə kimi böyüyə bilir.

Qadınlar fibromadenomanı adətən süd vəzinin daxilində hərəkət edən düyün (bəzən 1 neçə ədəd) şəklində aşkar edirlər. Fibroadenoma ətraf toxumaları zədələmir, qonşu orqanlara yayılmır. Süd vəzidə düyünlü törəmə müəyyən edildikdə xərçəng ehtimalını inkar etmək üçün biopsiya aparılır.

Süd vəzinin fibromasının ağırlaşmaları

Fibroadenoma adətən ləng inkişaf edir. Nadir hallarda şiş sürətlə böyüyərək, süd vəzini deformasiyalaşdırır. Bəzən süd vəzinin ölçülərini böyüdən, onu tamamən bürüyən nəhəng fibroadenomaya rast gəlinir. Süd vəzinin nəhəng şişləri arasında hərdən yarpağabənzər fibroadenoma qeydə alınır. Bu törəmə bədxassələşərək, sarkomaya çevrilə bilir.

Süd vəzinin fibromasının diaqnostikası

Süd vəzinin fibroadenomasının diaqnostikası mammoloq üçün heç bir çətinlik törətmir. Palpasiya zamanı şiş törəməsi üzə çıxarılır. Süd vəzinin USM-də onun lokalizasiyası, quruluşu (fibroz və ya kistoz), forma və ölçüləri təyin olunur. USM nəzarəti altında biopsiya edilir.

Bioptat sitoloji müayinədən keçirilir, orada bədxassəli hüceyrələrin olub-olmamasına diqqət yetirilir. Yekun diaqnoz şiş xaric olunduqdan sonra histoloji müayinənin nəticəsinə əsasən qoyulur.

Mammoqrafiya prosesində fibroadenoma dəqiq sərhədlərə malik, girdə formalı törəmə şəklində izlənilir. Uzunmüddətli düyünlər kalsium duzlarının çökməsi ilə əlaqədar yüksək kontrastlıq əldə edir.

Süd vəzinin fibromasının müalicəsi

Süd vəzinin fibroması əksər hallarda cərrahi yolla xaric edilir. Bəzən düyünün ölçüsü 5-8 mm-dən kiçik olduqda onun sorulması üçün terapevtik müalicə kursu təyin edilir. Konservativ müalicə USM nəzarət ilə 4-6 ay ərzində aparılır. Lakin şişin tam sorulmasına çox az təsadüf olunur.

Terapevtik üsullar müsbət nəticə vermədikdə, eləcə də şişin ölçüləri iri olduqda, törəmə sürətlə böyüdükdə cərrahi müalicə göstəriş sayılır. Həmçinin süd vəzi xərçəngindən şübhələndikdə fibroma mütləq qaydada çıxarılır.

Fibroadenoma zamanı 2 növ cərrahi müdaxilə olunur: süd vəzinin sektoral rezeksiyası və şişin enukleasiyası. Seksion rezeksiya süd vəzi xərçənginə şübhə yarandıqda icra olunur. Enukleasiya isə yalnız şişin xaric edilməsindən ibarətdir. Bu əməliyyat yerli anesteziya altında aparılır, stasionarda uzun müddət qalmağa ehtiyac yaranmır. Şiş çıxarıldıqdan sonra onun toxumaları histoloji müayinəyə göndərilir.

Postoperasion dövr adətən ağrısız keçir. 7-10-cu günlərdə tikişlər sökülür. Plastik cərrahiyyə baxımından peşəkarasına yerinə yetirilmiş əməliyyat dəridə gözəçarpan izlər qoymur.

Süd vəzinin fibromasının proqnozu

Fibromanın cərrahi yolla çıxarılması gələcəkdə qadına heç bir diskomfort törətmir. Lakin yadda saxlamaq lazımdır ki, aparılan müalicə sadəcə simptomatikdir. Bu və ya digər süd vəzidə residiv (yeni şişin formalaşma) ehtimalı hər zaman gözləniləndir.

Etiket Bulunmuyor

    Turkish Medical Centers © 2012 - 2021 Turkiye Xestexanalari.

    Yazmaq üçün vurun
    1
    Merhaba
    Size nasıl yardımcı olabiliriz ?